Biz – 1991-ci ilin dekabrında Xocalının Meşəli kəndində Ermənistan
silahlı qüvvələri tərəfindən soyqırımına məruz qalmış kəndin sakinləri müharibə
cinayətkarı, bu günlərdə Laçın yolunda ələ keçirilmiş Vaqif Xaçatryanı yaxşı
tanıyırıq. Onun əlləri dinc insanların - körpələrin, qadınların, qocaların
qanına batıb.
32 ildir ki, bizə qarşı Meşəlidə törədilmiş soyqırımı ilə heç bir
beynəlxalq təşkilat maraqlanmayıb, heç bir insan hüquqları təşkilatı buna görə
Ermənistana etiraz səsini ucaltmayıb, bizimlə sanki heç nə olmamış kimi
davranıblar. Bu boyda faciəni görməyiblər, eşitməyiblər, biz yaxşı bilirik ki,
məhz görmək istəməyiblər, eşitmək istəməyiblər.
Amma müharibə cinayətkarı Vaqif Xaçatryan ələ
keçən kimi bu təşkilatlar peyda olub, bir-birinin ardınca onun azad edilməsinə
çağırışlar edirlər. Biz – Meşəli sakinləri bundan böyük hiddət keçiririk, bunu
özümüzə qarşı təhqir, həqarət kimi qəbul edirik. Bu cür çağırışlar yolverilməzdir!
Meşəlidə bizə vurulan yaralar hələ də sağalmayıb, biz illərdir ki, bu
müharibə cinayətlərindən əziyyət çəkirik, doğma yurd yerlərimizdən didərgin
düşmüşük.
Bu gün Goranboyda Meşəli kəndindən olan yüzlərlə ailə Meşəli köçkün şəhərciyində
kompakt şəkildə yaşayır. Bu gün hər bir Meşəli sakininin tələbidir ki, Vaqif
Xaçatryan və onun kimi digər müharibə cinayətkarları bizim qarşımızda – Azərbaycan
məhkəmələrində cavab verməlidir.
Biz bu ədalət anını onillərdir gözləmişik, bu, çəkdiyimiz iztirablardan,
itirdiyimiz doğmalardan, əzizlərdən sonra bizə qalan təsəlli yeridir. Biz illərdir
ki, bu günün həsrəti ilə yaşamışıq, bir gün də olsun inamımızı, ümidimizi itirməmişik.
Müharibə cinayətkarı Vaqif Xaçatryanı yüksək peşəkarlıqla aşkar edərək
saxlayan sərhədçilərimizi, Azərbaycan hüquq mühafizə orqanlarında xidmət edən
övladlarımızı bağrımıza basırıq, onları alqışlarıyıq, onlara eşq olsun deyirik!
32 ildir ki, bizim çağırışlarımıza məhəl qoyulmayıb, bu müharibə cinayətkarlarının
heç biri Azərbaycana təhvil verilməyib.
Onlara bəraət qazandırmağa, azad etməyə çalışanlar əmin olsunlar ki,
bunların heç bir faydası olmayacaq. Bütün müharibə cinayətkarlarını Xaçatryanın
aqibəti gözləyir.
Onlar 1991-ci ildə düşünürdülər ki, törətdikləri əməllər cəzasız
qalacaq, bizi yiyəsiz, sahibsiz görmüşdülər. Bu gün Azərbaycan güclü dövlətdir,
qalib dövlətdir, onun Müzəffər Ali Baş Komandanı var! Biz Müzəffər Ali Baş
Komandanın ətrafında yumruq kimi birləşmişik!
Qarabağda gizlənən bütün müharibə cinayətkarları, Xocalı soyqırımını
törədən qatillər yaxşı eşitsin ki, daha heç nə əvvəlki kimi olmayacaq. Onlar
cavab verəcəklər!
Vaqif Xaçatryanı azad etməyə çağırış edənlər Meşəli, Xocalı sakinləri
qarşısında, Azərbaycan xalqı qarşısında utanmalı, xəcalət çəkməlidir. Onlardan
soruşuruq: bəs bizim haqq və hüquqlarımız nə vaxt müdafiə edəcəksiniz? Bu cür hərəkətlər insani və mənəvi dəyərlərə
sığan yanaşma deyildir.
Vaxtında Meşəli soyqırımı ilə əlaqədar baş verənlərə beynəlxalq
reaksiya verilsəydi, zəruri tədbirlər görülsə idi, eyni hallar Qaradağlıda,
Xocalı şəhərində, Ağdabanda, Ballıqayada, Başlıbeldə və daha neçə-neçə Azərbaycanın
yaşayış məntəqələrində təkrar olunmazdı.
Bu cinayətlərin qarşısında susqunluq Ermənistan hakimiyyətini işğalı
genişləndirməyə, yeni kütləvi qırğınlar törətməyə həvəsləndirmiş oldu.
Təəssüf edirik ki, ermənilər Azərbaycanın
göstərdiyi xoş məram müqabilində Beynəlxalq Qızıl Xaç Komitəsinin tibbi
evakuasiyasından da sui-istifadə edirlər, bundan həm qaçaqmalçılıq, həm də
Xaçatryan kimi cinayətkarların qaçması üçün faydalanmağa çalışırlar.
Beynəlxalq Qızıl Xaç Komitəsinin avtomobilləri
cinayətkarların sığınacaq yeri olmamalıdır. Beynəlxalq humanitar hüquq da buna
qarşıdır.
II Dünya müharibəsindən sonra faşistlər, nasistlər necə cəzalandırıbsa,
insanlıq əleyhinə cinayətlər törətmiş erməni
faşistləri də o cür cəzalandırılmalıdır. Burada qeyri-adi nəsə axtarmağa dəyməz.
Xaçatryanı qanun qarşısında cavab verməyə məhkum edən tədbirlərin
Qarabağda yaşayan dinc erməni əhalisi ilə heç bir əlaqəsi yoxdur. Biz - Meşəli sakinləri Xocalıya - doğma evlərimizə
qayıdacağımız günü də səbirsizliklə gözləyirik. Bizim Xaçatryan kimilərdən fərqli
olaraq, dinc insanlarla heç vaxt düşmənçiliyimiz olmayıb.
Biz – bu qədər ağır faciə yaşamış Meşəli sakinləri yenə də müdriklik
göstəririk, bundan sonra sülh içərisində yaşamaq istəyirik, orada ermənilərlə
yanaşı yaşamağımızda da problem görmürük,
amma müharibə cinayətkarlarının qanun qarşısında cəzalandırılması etnik
barışığın vacib şərtidir. Təəssüflər olsun ki, 44 günlük müharibədən sonra da Ermənistan bu müharibə
cinayətkarlarının cəzalandırılması üçün heç bir addım atmadı.
Beynəlxalq ictimaiyyətdən tələb edirik ki, Ermənistanı Azərbaycan xalqına
qarşı insanlıq əleyhinə cinayətlər törətmiş şəxsləri cəzalandırmağa, onları təhvil
verməyə məcbur etsin. Sülh, birgəyaşayış başqa cür olmur!
Müraciəti oxudu: Qalib Quliyev,
Xocalı rayon sakini